Bu Blogda Ara

27 Ekim 2011 Perşembe

Mesopotamiya

İkiçayarası və ya Mesopotamiya (qədim yun. Μεσοποταμία - "İki çayın arası") Yaxın Şərqdə yerləşmiş dünyanın ən qədim və ən böyük mədəniyyətlərindəndir. Çağdaş zamanda bu mədəniyyətin yerləşdiyi ərazi də Mesopotamiya olaraq adlanır.
Qədim şərq ölkələri Afrikanın şimal-şərqindən Asiyanın böyük bir hissəsinə qədər uzanan geniş coğrafi ərazini əhatə edirdi. Ən qədim şərq dövlətləri Misirdə, Aralıq dənizinin şərqində, Kiçik Asiya, İkiçayarası (Mesopatamiya), Iran, Hindistan, Çin v. digər ölkələrin ərazisində meydana gəlmişdi.
Qədim Şərq dövlətləri bir neçə inkişaf mərhələsini keçmişdir. İbtidai-icma quruluşunun dağılması və sinifli cəmiyyətin meydana gəlməsi ilk dəfə məhz Qədim Şərqdə baş vermişdir. İlk dəfə Qədim Şərqdə quldarlığın ilkin nümunələri meydana gəlmişdir. «Tarix Şumerdən başlanır» əsərinin müəllifi S,N.Kramer kitabının ayrı-ayrı fəsil və bölmələrini "İlk məktəblər", "İlk tarixçi", "İlk əxlaq ideaları", "İlk kitabxana kataloqu" və s. adlandırmaqla, hər şeyin çıxış nöqtəsi — tarixin başlanğıcı Şərq olduğunu qeyd edir.
Qədim Şərqdə mədəniyyətin inkişafı müxtəlif sahələrdə istiqamət tapmışdır. Əfsanəvi nağıllar janrı, tarixi-əfsanəvi ədəbiyyat nümunələri, təsviri incəsənət, dini dünyagörüşü, elmi istiqamətlər qədim şərq xalqlarının fəaliyyətinin və yaradıcılığının bəhrəsi olmuşdur.
İkiçayarası (Mecopatamiya) ən qədim mədəniyyət ocaqlarından biri hesab edilir. E.ə. V minilliyin sonu — IV minillikdə İkiçayarasında Übeyd (bəzi mənbələrdə əı-Obeyd), Uruk mədəniyyətləri təşəkkül tapmışdır. İkiçayarası münbit və məhsuldar torpaqlara malik idi. Dəclə və Fərat çaylarının arasında yerləşən bu ərazidə qədim cəmiyyət və onun yüksək mədəniyyəti yaranmışdı. E.ə. III minilliyin sonlarında iqtisadiyyat və mədəniyyət mərkəzləri hesab olunan Akkad, Laqaş, Ur, Kiş, Babil kimi şəhərlər meydana gəlmişdi.
1922-1934-cü illərdə arxeoloq Leonard Villinn başçılığı altında ingilis və Amerika ekspedisiyasi tərəfindən Uruk şəhərində aparılan qazıntılar zamanı məbəd sahəsindən qədim piktoqrafik (şəkli yazı) yazılar aşkar edilmışdir. Gil kitabələr üzərində döyülmüş yazılar məbəd təsərrüfatının fəaliyyətini əks etdirirdi. Zaman keçdikcə şumerlər mixi yazı növünü də icad etdilər. «Hammurapi qanunları», «Gilqamış haqqında dastan» (və ya «Bilqamus haqqında dastan»), «Ağa ilə qulun söhbəti», «Müdrik Axikar haqqında» hekayələr Şumer Akkad və Babil mədəniyyətinin bariz nümunələridir.
Təsərrüfat sahəsində görülən işlər riyazi, həndəsi və astronomiya biliklərinin inkişafına səbəb olmuşdu.
İkiçayarasında bağçılıq təsərrüfat sahəsinin inkişfına diqqət verilirdi. Burada müxtəlif meyvə ağacları becərilirdi. Demək olar ki, xurma ağacı hər bir təsərrüfatda əkilirdi. Bu ağac 50-70 il ərzində aramsız məhsul verirdi. Qədim İkiçayarası əhalisinin dini təsəvvüründə xurma ağacı müqəddəs «həyat ağacı» hesab edilirdi. Hələ qədim dövrdə xurmadan 360 cürə məzə hazırlayırdılar.
Xurma şirəsindən bal və sirkə düzəldirdilər. Xürma dənəsi odun əvəzi yandırılırdı, onun suda islanmışı ısə mal-qaraya yem kimi verilirdi. Xurma ağacından inşaatda istifadə edirdilər. Əncir ağacının becərilməsi geniş yayılmışdır. Babilistanda alma, nar və tut ağacları məlum idi. Əhali üzümçülük ilə də məşğul olurdu. Qədimdə əhali soğan, sarımsaq, xiyar, müxtəlif göyərtilər və s. ilə artıq tanış idi. Hamurapi qanunlarında bağçaçılıq ilə əlaqədar müəyyən maddələr nəzərdə tutulmuşdur. Bağça ağaclarının məhv edilməsi cərimə ilə nəticələnirdi.
Maldarlıq Babilistan təsərrüfatının mühüm sahəsini təşkil edirdi. İri və xırda buynuzlu malqara ət, süd, yun, dəri, piy verirdi. İri mal-qara eyni zamanda çöl işlərində istifadə olunurdu. Onu arabaya qoşurdular, yerin şumlanmasında, taxılın döyülməsində istifadə edirdilər.
Şumerlər kənd təsərrüfatını əks etdirən "Əkinçi təqvimi" və «bağçılıq kitabları» əsərləri yaratmışlar. Burada əkin, suvarma və biçinin başlanması, taxılın döyülməsi vaxtı, bağ-bağçanın necə becərilməsi, suvarma kanallarının təmiz saxlanması və s. haqında məlumat verilirdi. Babil, Aşur şəhərlərində məşhur «asma bağlar», heyvanxanalar yaradılmişdır. Burada qəribə, qeyri-adi (ekzotik) bitkilər və heyvanlar saxlanılırdı. İkiçayarasında heyvan, bitki və mineralların təsnifi siyahısı tərtib olunmuşdu.
İkiçayarası əhalisi günəş və su saatlarından istifadə edirdilər. İlk təqvim Babillər tərəfindən icad edilmişdir. İkiçayarasında təhsilin başlıca ocağı məktəb idi. Şumer məktəbi edubba «kitabələr evi» adlanırdı, məktəbə «kitabələr evinin atası» adlanan şəxs başçılıq edirdi. Şumer məktəbində nizam-intizam sərt idi, təlimdə çubuq sistemi tətbiq olunurdu.

Hiç yorum yok:

Yorum Gönder